Yeni həyat üçün yaradılmış möcüzəvi sistem

İnsanın yer üzündə nəslini davam etdirə bilməsi, reproduktiv (dölyaratma) sistemin mükəmməl işləməsi ilə mümkündür. Reproduktiv (dölyaratma) sistemlər qadın və kişi bədənlərində bir-birindən çox fərqli iş prinsipinə sahibdir. Lakin bu çox fərqli işləyən sistemlər bir-birini mükəmməl şəkildə, bütün olaraq tamamlayır və nəticədə bir insan dünyaya gəlir. İnsanın iki ayrı bədəndə, bir-birindən müstəqil şəkildə əmələ gətirilən maddələrdən yaranması ilə yer üzündəki ən böyük möcüzələrdən biri gerçəkləşir: insanın yaradılış möcüzəsi...
İnsanın yaradılış möcüzəsinin gerçəkləşə bilməsi üçün, insan bədənində lazım olan hazırlıqlar əslində illərlə əvvəl başlayır. Bunun üçün, əvvəlcə həm kişi, həm də qadın çoxalma hüceyrələri fəaliyyətə keçməlidir. Bu fəaliyyət hər insanda "həddi-büluğ dövrü" kimi adlandırılan proseslə birlikdə həyata keçər. Bu prosesdəki ən mühüm işçi, şübhəsiz ki, hüceyrələr arasındakı ünsiyyəti təmin edən hormonal sistemdir. Hormonal sistem isə beynin nəzarəti altında işləyir.
Allah, insan bədənindəki bütün ehtiyacları və inkişafları, beynin idarə edəcəyi sistemlə yaratmışdır. Orqanlardan gələn mesajları qiymətləndirən beyin, ən uyğun cavabları lazımi yerlərə ola biləcək ən qısa müddətdə çatdırar. Bunu edərkən də hormonal sistemdən xəbərləşmə vasitəsi kimi istifadə edər. Allah, insan bədəni daxilində mükəmməl "poçt şəbəkəsi" yaratmışdır. Bu şəbəkə daxilində "hormon" adlandırılan mesaj daşıyıcı molekullar, sanki "poçtalyon" vəzifəsini boyunlarına götürmüşlər. Bir poçtalyonun bütün şəhəri gəzərək əlaqədar xəbərləri lazımi yerlərə çatdırması kimi, hormonlar da beyindən gələn əmrləri əlaqədar hüceyrələrə daşıyarlar. Həmçinin bu yolla bədən daxilində, insan həyatı üçün lazımi funksiyalar hərəkətə keçər.
Lakin burada xatırlatmalıyıq ki, hormonlar hara nə aparacağını bilən, buna görə özünə istiqamət təyin edən şüur sahibi insanlar deyil. Bunun üçün nə təhsil almışlar, nə də illərlə işləyərək təcrübə qazanmışlar. Hormon dediyimiz "poçt işçiləri", olduqca mürəkkəb formularla ifadə edilə bilən molekullardan ibarətdir. Bir molekulun hara nə aparacağını bilməsi, hansı hüceyrənin hansı mesajla hərəkətə keçəcəyini müəyyənləşdirə bilməsi, özündən milyardlarla qat böyüklükdəki qapqaranlıq insan bədəninin daxilində yolunu əsla azmadan tapa bilməsi, özünə və daşıdığı mesaja zərər gəlmədən bu vəzifəni mükəmməl yerinə yetirə bilməsi, şübhəsiz ki, olduqca möcüzəvi haldır. Təkcə bu nümunə belə, Allahın insan bədəni içinə nə qədər fövqəladə sistemlər yerləşdirdiyinin açıq dəlilidir.
Hormonal sistemin fəaliyyətə keçməsi əsasən insan hələ uşaqlıqda olarkən başlayar və o insanın ölüm anına qədər davam edər. Reproduktiv (dölyaratma) vəziləri də hormonların təsiri nəticəsində hərəkətə keçən orqanlardır. Lakin bədənin digər hissələrindən fərqli olaraq reproduktiv (dölyaratma) vəziləriylə əlaqədar hormonların ifrazı həddi-büluğ dövründə başlayar. Hormonal sistemin başçısı kimi qəbul edilən beyindəki "hipotalamus", həddi-büluğ dövrünə gəlindiyi zaman, özünə bağlı şəkildə işləyən vəzilərdən biri olan hipofiz vəzinə reproduktiv (dölyaratma) orqanları fəaliyyətə keçirəcək əmrlər göndərməyə başlayar.
Burada bir möcüzəyə daha diqqət çəkməkdə fayda var. Hipotalamus deyilən bu orqanımız insan bədənində gedən proseslərdən, məsələn, insanın neçə yaşına çatdığından, reproduktiv (dölyaratma) sistemin hərəkətə keçməsi üçün lazım olan fiziki inkişafı tamamlayıb-tamamlamadığından xəbərdardır. Həmçinin bu şüurla hərəkət edir. Digər bir sözlə, hipotalamus tarixi hesablayır və insanın yetkinliyə keçid vatxının gəldiyini müəyyən edərək bədəndəki digər ifrazat vəzilərinə lazımi əmrləri verir. Ən uyğun zamanda reproduktiv (dölyaratma) orqanlara getməsi lazım olan mesajları (hormonları) göndərir və insanların nəsillərini davam etdirə bilməsi üçün, lazım olan formalaşmanın başlamasını təmin edir. Üstəlik, bunu tək bir insanın hipotalamusu deyil, hazırda yer üzündə yaşayan milyardlarla insanın hər birinin hipotalamusu eyni şəkildə və demək olar ki, eyni dövrlərdə bu funksiyanı həyata keçirir.
Bədənimizdə bir neçə kəllə qənd böyüklüyü qədər yer tutan bu ət kütləsinin zamandan xəbərdar olması, aradan keçən illəri hesablayaraq tənzimləmə əməliyyatları aparması, əlbəttə ki, üzərində düşünülməsi lazım olan xüsusdur. Belə hesablama əməliyyatını hipotalamus necə aparır? Nələr etməli olduğu birisi tərəfindən hipotalamusa öyrədilmişdir, yoxsa hipotalamus bunu öz-özünə tapmışdır? Hipotalamus insanın əmələ gəlməsi üçün reproduktiv (dölyaratma) vəzilərinin inkişaf etməli olduğunu müəyyənləşdirib, bunun üçün zaman təyin edib, tam həmin zamanda o hormonu ifraz etməli olduğunu necə bilir? Üstəlik, hipotalamus ifraz etdiyi bir çox hormon arasından hansının tam zamanında reproduktiv (dölyaratma) sistemi hərəkətə keçirəcəyini necə müəyyənləşdirir? Gələcəyə istiqamətli planlar qurmağı, buna görə tədbir və hazırlıqlar görməyi "uzaqgörənliyi" sayəsində qərarlaşdırır? Niyə daha əvvəl və ya da daha sonra deyil, tam insan bədəninin fizioloji cəhətdən çoxalmağa (dölyaratmağa) hazır olduğu bir vaxta qədər gözləyir?
Gözü, qulağı, dili, hətta beyni belə olmayan bir ət kütləsinin, ağıl sahibi bir varlıq kimi hərəkət edərək hüceyrələri idarə etməsini təmin edən ağıl bizim təxəyyül edəcəyimizdən çox üstün, bənzərsiz ağıldır.
Hipotalamusun zamandan xəbərdar olmasını təmin edən nə təsadüflər, nə də hər hansı başqa gücdür. Hipotalamusa bu xüsusiyyətləri qazandıran üstün ağıl Allaha məxsusdur. Nələr etməli olduğu da hər şeyi bilən Allah tərəfindən bu kiçik ət parçasına ilham edilir. Allah hər şeyi idarəsi altında saxladığını; "Allah, hər şeyi idarə edəndir" (Əhzab surəsi, 52) ayəsiylə bildirir.
İrəliləyən səhifələrdə toxunulan mövzular oxunarkən bu həqiqətin davamlı yadda saxlanılmasında fayda var.